şənbə 20 iyun 2026 - 01:09
Həccin ziyarətinin dayandırılmasının əleyhinə idim – Bu il iranlı zəvvarlar üçün ən izzətli həcc mövsümlərindən biri yaşandı

Həzrət Ayətullah Cəfər Sübhani vəliyyi-fəqihin Həcc və ziyarət işləri üzrə nümayəndəsi ilə görüşdə bildirib ki, mövcud hesabatlara əsasən, bu ilki həcc mərasimi iranlı zəvvarların Vəhy diyarında ən hörmətli, izzətli və uğurlu iştirak dövrlərindən biri olub.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Cəfər Sübhani Həcc və ziyarət işləri üzrə vəliyyi-fəqihin nümayəndəsi və iranlı hacıların başçısı Höccətül-İslam vəl-müslimin Seyid Əbdülfəttah Nəvvabla görüşü zamanı builki həcc mövsümünün vəziyyəti ilə bağlı təqdim olunan hesabatı dəyərləndirərək bildirib ki, həcc məsələsi gündəmə gəldiyi ilk vaxtlardan bu ibadətin dayandırılmasının əleyhinə olub.

O qeyd edib: “Mən hesab edirdim ki, bu ilahi vacib əməl siyasi məsələlərin təsiri altına düşməməlidir. Xoşbəxtlikdən ev sahibi olan ölkənin (Ərəbistan) rəhbərliyi siyasət məsələsini həccdən ayırdı. Bu məsələ əvvəlcədən də gözlənilən idi və praktikada da bunun şahidi olduq.”

Ayətullah Cəfər Sübhani builki həccin keçirilməsi prosesi ilə bağlı aldığı məlumatlara toxunaraq bildirib ki, iranlı zəvvarlar digər İslam ölkələrindən olan hacılar tərəfindən hörmət və ehtiramla qarşılanıblar.

Ayətullah Cəfər Sübhani əlavə edib ki, həmçinin məlumatlara əsasən, hava limanlarında və hətta həmin ölkənin polis qüvvələri tərəfindən də iranlı zəvvarlara qarşı layiqli və hörmətli münasibət göstərilib.

Həzrət Ayətullah Sübhani vurğulayıb ki, mövcud hesabatlara əsasən, builki həcc iranlı zəvvarların vəhy diyarında iştirak etdiyi ən hörmətli və ləyaqətli həcc mövsümlərindən biri olub.

O, Həcc və ziyarət təşkilatının məsul şəxslərinə uğurlar arzulayaraq ümidvar olduğunu bildirib ki, gələcək illərdə Allah evinin ziyarətinə həsrət qalan bütün insanlar həcc ziyarətinə getmək arzusuna qovuşacaqlar.

Həzrət Ayətullah Cəfər Sübhani çıxışının digər hissəsində İslam tarixi abidələrinin qorunmasının və bərpasının vacibliyini vurğulayaraq deyib: Eşitmişəm ki, Mədinə ətrafındakı bəzi tarixi məkanlar, eləcə də Quba məscidinin ətrafındakı tarixi bölgələr yenidən bərpa olunub. Bu, çox dəyərli bir addımdır.

O, Peyğəmbəri-Əkrəmin (s) həyatı ilə bağlı tarixi abidələrin əhəmiyyətinə toxunaraq bildirib: Məkkə və Mədinə torpaqlarında İslam Peyğəmbərinin (s) həyatı, besəti, risalətin təbliği, cihadları və möcüzələri ilə bağlı çoxsaylı sənədli tarixi izlər mövcuddur. Bu irs gələcək nəsillər üçün qorunmalıdır.

Ayətullah Cəfər Sübhani qeyd edib ki, bu tarixi və dini irsin qorunması mühüm vəzifədir və bu qiymətli abidələrin gələcək nəsillərə çatdırılması üçün ciddi səylər göstərilməlidir. Çünki bəzi Əhli-kitab mənsubları dini kimliklərini itirmək təhlükəsi ilə üz-üzədirlər.

Sonda həzrət Ayətullah Sübhani Kəbə evinin zəvvarlarının və bu sahədə xidmət göstərən bütün şəxslərin sağlamlığı və müvəffəqiyyəti üçün dua edib.

Görüşdə çıxış edən Həcc və ziyarət işləri üzrə vəliyyi-fəqihin nümayəndəsi Höccətül-İslam vəl-müslimin Nəvvab da İmam Xomeyninin (r) xatirəsini yad edərək bildirib ki, ilahi lütf sayəsində bu il həcc ziyarətindən məhrum qalan şəxslər tezliklə bu vacib ibadəti yerinə yetirmək fürsəti əldə edəcəklər.

O qeyd edib ki, əgər tətbiq edilmiş müharibə baş verməsəydi, bu qrupun təxminən iyirmi illik həsrəti sona çatacaq və onlar Allah evinin ziyarətinə qovuşacaqdılar.

29 iyun 2026

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha